Asiya iqlimi
Asiya iqlimi — Asiya qitəsindəki iqlim vəziyyətinə verilən ad.
Asiyada rütubətli ekvatorial iqlimdən soyuq qütb səhrası iqliminə qədər, demək olar ki, bütün iqlim qurşaqları mövcuddur. Buna səbəb qitənin böyüklüyü, ərazisinin qərbdən şərqə doğru uzun məsafəsi, daxili rayonlarının relyefi, şimaldan dağ səddinin olmaması kimi amillərdir.
Asiyanın şimal sahillərində, Taymır yarımadasında Severnaya Zemlya, Novosibir, Vrangel adalarında Arktika iqlimi, bir qədər cənubda, şimal-şərqi Sibirə doğru genişlənən sahədə subarktika iqlimi hakimdir. Mülayim qurşaqda kontinental (Qərbi Sibir), sərt kontinental (Şərqi Sibir, Qazaxıstan, Monqolustan, Orta Asiya), musson (Uzaq Şərq, Saxalin adası) və dəniz (Kamçatka yarımadası, Kuril adaları) iqlim sahələri ayrılır. Yağıntının illik miqdarı Sibirdə 500–600 mm, Cənubi Sibir dağlarında, o cümlədən Sayan dağlarında 1500 mm.-dən çox, Orta Asiya səhralarında 150–200 mm.-dir. Subtropik iqlim qurşağı daxilində bir neçə iqlim tipi ayrılır: qərbdə Aralıq dənizi iqlimi, Ön Asiyanın yaylalarında kontinental iqlim, qitənin şərqində isə musson iqlimi. Yağıntının orta illik miqdarı qərbdən (Aralıq dənizi sahilləri, 700 mm) şərqə (İran yaylası 200 mm) doğru azalır. Tibet yaylası üçün yüksək dağlıq səhra iqlimi səciyyəvidir; qışı soyuq və az qarlı, yayı nisbətən sərindir. Şərqi Çinin, Yapon adalarının və Koreya yarımadasının subtropiklərində musson iqlimi (yağıntının illik miqdarı 1000–1500 mm) üstünlük təşkil edir.